Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ərəb kənd sakini 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədov aprelin 28-də evdən çıxaraq geri qayıtmayıb.
İ.Məmmədovun yaxınları polis şöbəsinə ərizə ilə müraciət edərək onun Yuxarı Şirvan kanalına düşərək boğulması barədə də məlumat veriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı kanalın kənarından İ.Məmmədovun mağazadan aldığı qida məhsulları tapılıb. Ehtimal olunur ki, o, içkili halda kanalın üzərindəki qaz xəttinin üstü ilə kanalın bir tərəfindən o biri tərəfinə keçərkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları aprelin 28-də Yuxarı Şirvan kanalında axtarışlara başlayıblar. Bununla əlaqədar kanalın suyu Mingəçevir Su Anbarından xeyli azaldılıb. Axtarışlardan sonra İ.Məmmədovun cəsədi bu gün saat 10:30 radələrində tapılıb. Dalğıclar onun meyitini suya düşdüyü yerdən 15 km aralıda, Göyçayın Qarabağlar kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Hazırda Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İ.Məmmədovun intihar etməsi və ya ehtiyatsızlıq səbəbindən kanala düşərək boğulması faktı araşdırılır.