Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan-Özbəkistan marşrutu üzrə hərəkət edərək Daşkənd şəhərinə çatıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Ramil Daşkənddə bir qədər dincələndən sonra Yaponiyanın Özbəkistandakı səfirliyindən viza alaraq “Gündoğar” ölkəyə yola düşəcək.
Velosipedçi bildirib ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Onun təxmini hesablamasına görə, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.
Məlumata görə, Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.
Səyyahın dediyinə görə, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan ABŞ-a getməyi düşünür.