Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.APA-nın xəbərinə görə, birgə məlumatda bildirilir ki, mayın 9-da saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş informasiya əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin və Yasamal rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib: “Müəyyən edilib ki, yanğın Yasamal rayonu, Z. Adıgözəlov küçəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsindəki 2 ədəd 2 otaqlı mənzildə baş verib və yanğın nəticəsində hər iki mənzilin cəmi 94 kv.metr ərazisi yanıb. Hadisə yerinə baxış zamanı mənzillərin birindən kirayənişin yaşayan 1949-cu il təvəllüdlü Valentina Korolyovanın və onun nəvəsi, 2010-cu il təvəllüdlü Rauf Əhmədovun meyitləri aşkar edilib. Digər mənzildə aşkar edilmiş, yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri almış və tüstüdən zəhərlənmiş 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova, 1992-ci il təvəllüdlü Elvin Bayramov və 1959-cu il təvəllüdlü Seyfulla Hüseynov isə dərhal xəstəxanaya aparılıblar. Faktla bağlı Fövqəladə Hallar Nazirliyində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib”.