Toyda butulka ilə tanışını öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.
Qeyd edək ki, hadisə bu il Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib.
46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
Bu zaman Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İlqar Ulubəyov ətrafdakıların köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda çoxlu qanitirmədən ölüb.
Ramik Aydabəyova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.