[b]Tanınmış həkimə dərman gətirən iranlı məhkəmə zalındaca qandallandı[/b]
22 may 2018 11:56 (UTC +04:00)

[b]Tanınmış həkimə dərman gətirən iranlı məhkəmə zalındaca qandallandı[/b]

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Hafiz Qəhramaninin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

İlk iclasda dövlət ittihamçısı vəsatət qaldırıb. O, digər təqsirləndirilən Jahani Hiveh Hamid Mohammad barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilməsini tələb edib. Məhkəmə vəsatəti təmin edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.

 

Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

 

Qeyd edək ki, İran vətəndaşı olan H.Qəhrəmani uzun illərdir Azərbaycanda yaşayır və məhşur xəstəxanada cərrah-həkim kimi çalışır.

 

 

İttiham aktına əsasən son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

 

Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

 

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu-Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

 

Aparılmış istintaqla həmçinin müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Ghahremani Hafez Habib “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları-100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

 

İstintaqla daha sonra müəyyən edilmişdir ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

 

Qeyd edilən faktlarla Jahani Hiveh Çi Hamid, Fakhri Dameşgiyeh Xosro, Qəhrəmani Hafez Habib və Abizadə İmran İbrahim oğlu dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuşdur. Jahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Fakhri Dameşgiyeh Xosronun və Qəhrəmani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Səlcuq Elçin

Oxşar yazılar