“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun haqqında yeni cinayət işi başlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları ailə üzvləri məlumat yayıb.
Onlar bildiriblər ki, T.Bağırova Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham verilib.
Bildirilib ki, Taleh Bağırovun üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur.
Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha 16 nəfər saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir.