Müəllimlər İnstitutunun bağlanan Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən proses təxirə düşüb. Buna səbəb Ramiz Məmmədovun səhhətin kəskin pisləşməsidir. O, xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun şəkəri qalxıb və ürək xəstəliyindən əziyyət çəkir. Xatırladaq ki, sonuncu prosesdə zərərçəkmişlər onlardan pul alan R.Məmmədovun həbs edilməsini istəmişdilər.Bununla bağlı məhkəməyə vəsatət təqdim ediblər. Prokuror isə həmin vəsatətin növbəti prosesdə müzakirəyə çıxaracaqdı.
Qeyd edək ki, Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu. Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinir.