Bu gün Yasamal rayon Məhkəməsində AZTV sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, ötən prosesdə olduğu kimi bu prosesdə də A.Alışanov iştirak etmir, ona görə də işin baxışa verilməsi düzgün deyil. Vəkil deyib ki, A.Alışanov məhkəməyə gələrək xahiş etməlidir ki, onu məhkəmədə nümayəndəsi təmsil etsin. Vəkil işin baxışa verilməməsi və A.Alışanovun məhkəməyə gəlməsi barədə vəsatət verib. AZTV sədrinin vəkili isə vəsatətin təmin edilməməsini istəyib.
Daha sonra Q.Məhərrəmli məhkəmədə çıxış edib. O deyib ki, məhkəməyə hörməti olduğu üçün proseslərə gəlir. Jurnalistin sözlərinə görə, müsahibəsində deyib ki, A.Alışanov AZTV-ni idarə edə bilmir, AZTV ən reytinqsiz kanaldır, dövlət büdcəsindən ayrılan pullar səmərəli istifadə edilmir.
Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər işin baxışa verildiyini açıqlayıb. Növbəti proses aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Q.Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A.Alışov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.