Ötən gecə Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.
Hadisə isə ilkin ehtimala görə qısaqapanma nəticəsində baş verib. Əvvəlcə evin tavanı yanıb və damın ağırlığı nəticəsində çökmə baş verib. Dağıntı altında qalan F. Əlpaşayev yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
9:32
Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.
Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.