Bakı Apellyasiya Məhkəməsində qadını döyə-döyə qətlə yetirməkdə təqsirli bilinən Elnur İsmayılov birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ona görə, proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, qətl bu il aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Çiçək Alıyevanı Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.İsmayılov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib.