Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşının ölümünə səbəb olmaqda təqsirləndirilən 1993-cü il təvəllüdü Seyran Seyidovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.
Qeyd edək ki, bu ilin yanvarın 4-də, saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilmiş və aldığı xəsarətdən orada vəfat edib.
Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.
”KİA” markalı avtomobilin sürücü Seyran Seyidov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyran Seydiov 8 il müddətinə azadlıqdan məhrum edilib.