Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1980-ci il təvəllüdlü Günel İsayeva, 1965-ci il təvəllüdlü Arifə Məmmədova, 1981-ci il təvəllüdlü İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 20-ə təyin edilib.
Qeyd edək ki, bu il Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər 4 dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb. Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib. A.Məmmədova da tutulub, ondan isə 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.