Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
Lent.az xəbər verir ki, cinayət işi keçən həftə ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Lakin prokurorluq cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılacaq.
Qeyd edək ki, M.Əhmədov 2015-ci ildə Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.