Qonşusunu öldürməkdə təqsirləndirilən Kamran Bağırovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən K.Bağırovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, qətl keçən il Binəqədi rayonu ərazisində baş verib. Kamran Bağırov münaqişə zəminində həmyerlisi Cümşüd Rüstəmovu bıçaqla qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.