"Jam.az" saytının rəhbəri Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və ya F. Fərəməzoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı dekabrın 6-a təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.