Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla birgə ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V.Güləli 8 il, N.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən C.İbayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı həbs edilmədikləri üçün məhkəmə zalında qandallanıb.
Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib, onlar istintaq zamanı həbs edilmədiyi üçün sərbəst qalıb.
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə ) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki və Laçın rayon şöbəsinin rəisi olub. V.Əsədov isə Pentensiar Xidmətini sabiq əməkdaşıdır.