Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiq Rüfət Səfərovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Ələkbər Novruzovun sədrliyi ilə keçirilən prosesə Rüfət Səfərovu məhkəməyə gətirilməyib. Buna görə, proses noyabrın 11-ə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.