“Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev kassasiya şikayəti Ali Məhkəmədə icraata verilib.
Lent.az-ın məlumatına görə, kassasiya şikayəti hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılacaq. Hələ şikayətin baxılacağı gün müəyyən edilməyib.
Xatırladaq ki, Bakı Apelyasiya məhkəməsində keçirilən ilkin baxış zamanı Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Əflatun Qasımov vəsatətləri təmin etməyib.
Qərardan Cahangir Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər.
Qeyd edək ki, Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
Cahangir Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.