Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Bayramov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Lent.az-ın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. V.Bayramovun cəzası 4 il 6 aydan 3 ilə endirilib.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayında baş verib. V.Bayramov Bakı şəhər sakini Səbuhi Muradova bıçaqla ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub. Hadisədən sonra Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bayramov tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Bayramov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.