Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Lent.az-ın məlumatına görə, narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən Marat Ueldanov Penitensiar xidmətin Xəzər rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəza çəkib.
Müəssisənin rəisinin Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə təqdimatına Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edib.
Bu qərardan Marat Ueldanov apelyasiya şikayəti verib. O, şikayətində Xəzər rayon Məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Marat Ueldanovun şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Qail Məmmədovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.