Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Azərbaycanda saxlanılan əməkdaşı Dmitri Çulkov ölkəsinə qayıdıb.
Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Rusiya vətəndaşı Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir.
Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də Azərbaycanda itkin düşməsi barədə məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb.
Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.