Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis zabiti Samir Əliyevin barəsində birinci instansiya məhkəməsindən verilən şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində
hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Samir Əliyevin cəzasından 1 il çıxılıb və barəsində 19 il azadlıqdan mərhum edilmə cəzası saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.