Reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Neftçala Suvarma Sistemləri idarəsinin rəisi - zərərçəkmiş Elçin Əsədov dindirilib. O bildirib ki, 2013-cü ildə Azər Abbasov ona zəng eləyib: "İdarə rəsisi vəzifəsinə təzə keçmişdim, danışdıq. Dedi ki, işinizdə boşluqlar var və bu barədə yazı yazmaq istəyir. Sonra razılaşdıq və 200 manat pul verdim. Şikayətim və ya digər tələbim yoxdur".
Məhkəmədə şahid qismində Novruz Hüseynov dindirilib. O, AMEA-da sürücü işlədiyini deyib: "Rəisim Bayram müəllim pul verdi, aparıb nəşriyyatda poçtun yanında bir qadına verdim".
Daha sonra N.Hüseynovun ibtidai istintaqa ifadəsi elan edilib. Məlum olub ki, zərərçəkmiş AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayevdir. Lakin o, prosesə çağrılsa da, gəlməyib. Hakim Zeynal Ağayev Bayram Babayevin barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses iyulun 6-da davam edəcək
Qeyd edək ki, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
A. Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir. A. Abbasov özünü Azər Naxçıvani kimi təqdim edib.