Qanlı hadisə törətməkdə təqsirli bilinən güləş üzrə Avropa Çempionu olmuş Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Alıcan Abbasov dindirilib.
O, təqsirləndirilən şəxsi tanımadığını zərərçəkmişin isə qonşusu olduğunu deyib: "Hadisədən əvvəl qardaşım Ayazgil Tuncayla mübahisə edib. Həmin vaxt orada olmamışam, bu barədə eşitmişəm".
Daha sonra şahid qismində Amid Feyzullayev dindirilib. O, "Topaz"da işlədiyini deyib: "Hadisə zamanı Tuncay "Topaz"da olan mətbəxdən bıçaq götürüb. Həmin zaman mən özüm orada olmamışam".
T.Vəzirzadə də bıçağı "Topaz"dan götürdüyünü təsdiqləyib: "Həqiqətən bıçağı oradan götürdüm. Həmin vaxt o, orada yox idi. Bıçağı götürən zaman heç kəs məni görmədi".
Qeyd edək ki, T.Vəzirzadə ötən il oktyabrın 7-də Bakı şəhəri Yasamal rayonu ərazisində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Hadisənin aralarında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Xəstəxanaya çatdırılan R.Həziyevi xilas etmək mümkün olub.
Daha sonra T.Verdizadə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, T.Verdizadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub.