Ömürlük həbs cəzası almış keçmiş "OMON"çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, A Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkumlardan heç biri iştirak etməyib.
Vəkil Elçin Sadıqov çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxslər məhkəməyə ərizə verərək iştiraklarının təmin olunması istəyib.
Hakimlər vəsatəti təmin etməyib.
Daha sonra Elçin Sadıqov kasasiya şikayəti üzrə çıxış edib. Bildirib ki, hər 3 şəxs 21 il məhkumluq həyatı yaşayır və onların cəzasının müddətli cəza əvəz olunması istəyib: "Onların özləri də xahiş ediblər ki, onların cəzası 20 ilə salınsın və azadlığa çıxsınlar.
Prokuror çıxış edərək şikayətin təmin olunmamasını istəyib.
Hakimlər kollegiyası yerində müşavirə edərək şikayəti təmin etməyib.
Vəkil Elçin Sadıqov bununla bağlı Avropa İnsan Hüquqları məhkəməsinə şikayət edəcəklərini bildirib.
Qeyd edək ki, "OMON" üzvləri E.Əmiraslanov, A.Kazımov və S.Poladov barələrindəki ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə məhkumların müdafiəçisi Elçin Sadıqov tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib. Həmin qərardan narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra onalr Ali Məhkəməyə müraciəıt ediblər.
Xatırladaq ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunub. Daha sonra onların cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.