Bu gün Yasamal Rayon Məhkəməsində "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərlinin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ş.Cəfərli barəsində Cinayət Məcəlləsinin 70-ci( şərti cəza) tədbiq edilərək 4 il 6 ay şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Cəfərli Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub.
O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfərli CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfərli hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfərli barəsində C.M-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.