Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəməni hazırlıq iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi bu təmin olunmayacağı təqdirdə, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Vəsatətə münasibət bildirən Fuad Əhmədli vəkilinin verdiyi vəsatəti dəstəklədiyini deyib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini tələb edib. Müşavirədən qayıdanlar hakimlər kollegiyası müdafiə tərəfinin verdiyi vəsatətlərini təmin etməyib. Məhkəmə baxışı mayın 2-ə təyin edilib.
Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.