"Çudo Peçka"nın direktoru: "Heydər Babayev və həyat yoldaşı..." - YENİLƏNİB
18 yanvar 2018 16:10 (UTC +04:00)

"Çudo Peçka"nın direktoru: "Heydər Babayev və həyat yoldaşı..." - YENİLƏNİB

 

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, məhkəmədə Ç.Cəlilovun qardaşı Pərviz Cəlilov dindirilib. O, 2001-ci ildən "Çudo Peçka" şirkətində baş direktor vəzifəsində işlədiyini söyləyib: "Bank Standard"dan 2006-cı ildə kredit götürməyə başladıq. Biz hər ay banka 600 min manat pul qaytarırdıq. 2011-ci ildə bankın sabiq sədri Səlim Kirman bizə birgə işləməyi təklif etdi. Əvvəl razı olmadıq. Sonra məcbur olduq, onlar deyən şərtlərlə razılaşdıq. 2009-cu ildə köhnə borcları bağladıq, sonra yenidən kredit götürdük. Bundan sonra banka borcumuz yarandı. Biz onların dedikləri ilə hərəkət edirdik. Bankın sabiq rəhbəri Səlim Kirmanla birbaşa mən əlaqə saxlayırdım".

 

Pərviz Cəlilov deyib ki, "Bank Standard"a ümumilikdə 15 milyon manat kredit ödəyiblər: "Bir gün mənə Səbail Rayon Məhkəməsindən banka 23 milyon manatlıq borcla bağlı bildiriş gəldi. Bu barədə Səlim Kirmanla əlaqə saxladım. Dedim, biz belə danışmadıq, indi niyə belə oldu? Səlim Kirman da mənə "bu, rəhbərliyin göstərişidir" dedi. Bildiyim qədəri ilə bankın rəhbəri Heydər Babayevdir. Səlim Kirman da Heydər Babayevi və onun həyat yoldaşını nəzərdə tuturdu. Axı mən Heydər Babayevi deyil, Səlim Kirmanı tanıyırdım".

 

Şahid qeyd edib ki, 2010-cu ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları şirkətə gəlib onu həbs edib: "Lakin "MTN işi"ndə zərərçəkmiş kimi tanınmamışam".

 

Məhkəmə yanvarın 25-də davam edəcək. 

 

****

14:50

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlanılıb.

 

Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

Çingiz Cəlilov ittiham üzrə özünü qətiyyən təqsirli bilməyib.

 

 

 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

 

 

 

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilən əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

 

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Səlcuq Elçin

Oxşar yazılar