Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Ömərov bildirib ki, Gülnarə ilə qeyri rəsmi şəkildə evləniblər: "Birgə yaşamışıq. Lakin nikahımız olmayıb. Uşağa soyadımı versəm də, o, mənim qızım deyildi. Onu balaca vaxtından mən böyütmüşəm. Çünki Gülnarənin valideynləri uşağa sahib çıxmamışdı".
O ifadəsində göstərib ki, həmin gün malları otlağa aparıb: "Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə olub? Dedi ki, malları yumaq üçün olan dərmanı südə qatıb və uşağa verib".
Qadın ərinin yalan danışdığını deyib: "Sən bilirsən ki, mən xəstəyəm. İttihamda yazılıb ki, mən qızımı öldürmüşəm. Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq etmişəm. Axı niyə olanları düz danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən? Görürsən ki, ittihamda yazılanlar düzgün deyil. Niyə danışmırdın? Mənə cəza veriləcək və həbsxanaya gedəcəm. Sən bununla nə edəcəksən?".
Gülnarə Seypullayeva bildirib ki, Luizanın əsl atası Seymur Güləliyev olub: “Birdən başım qarışdı və qızımı zəhərləyərək öldürdüm. Bəxtiyar spirtli içki içən olub, buna görə də onunla yaşamaq istəməmişəm".
Şahid qismində dindirilən Rafiq Rəhmanov qeyd edib ki, hadisə olan fermanın sahibidir: "Mənə köməkçi lazım idi. Bunlar da birgə yaşayırdı. Ev verdim. Araları çox yaxşı olub. Uşaq da çox şirin idi. Yaxşı uşaq idi. Hər ora gedəndə ona nəsə alırdım. Hadisə günü mənə xəbər elədilər. Tez gəldim. Maşına qoyduq. Xəstəxanaya aparanda yolda keçindi. Qucağımda can verdi. Hər yadıma düşəndə ağlayıram. Hadisədən 3-4 gün sonra bildim ki, uşağı Gülnarə öldürüb".
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
**
12:39
Qusarda 5 yaşlı qızını zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, ölən körpənin atası Bəxtiyar Ömərov zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınıb. Onun da anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Bəxtiyar Ömərov hazırda Hil kəndində fermada yaşayır. Daha sonra məhkəmə istintaqı başlanılıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Gülnarə Saypullayeva özünü tam təqsirsiz bilib. Məhkəmə davam edir.
Qeyd edək ki, hadisə iyul ayında Qusarın Hil kəndində baş verib. Həmin kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib. Gülnarə Saypullayeva qızı, Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb. Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: "Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim". Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.