Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Bildirilib ki, rayonun Kortala kənd sakini İsayev Rasim Rizvan oğlu qarın boşluğunun ön nahiyəsinin və oturacağının kəsilmiş və deşilmiş yarası ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. İlkin dindirmə zamanı Rasim İsayev naməlum şəxs tərəfindən bıçaqlanması barədə ifadə verib. Lakin Balakən RPŞ əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri zamanı məlum olub ki, Rasim İsayevi öz doğma atası, 1963-cü il təvəllüdlü Rizvan Məhəmməd oğlu İsayev bıçaqlayıb. Rizvan İsayev Balakən RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib.
Araşdırma zamanı bəlli olub ki, ata və oğul evdə birlikdə spirtli içki qəbul ediblər. Sərxoş ata və oğul arasında mübahisə yaranıb. Sonra onların mübahisəsi davaya çevrilib. Bu zaman ata oğlunun qarın nahiyəsi və oturacağından bıçaq zərbəsi vurub. Dava zamanı Rasim İsayev də atasının bel nahiyəsinə yüngül bıçaq zərbəsi yetirib.
Balakən RPŞ-dən o da bildirilib ki, Rizvan İsayev əvvəllər də anasını döydüyü üçün CM-nin 127.1 maddəsi ilə məhkumluq həyatı yaşayıb. Balakən MRX-dan verilən məlumata görə, Rasim İsayev əməliyyat olunub, vəziyyəti orta stabil hesab edilir. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.