Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 3 nəfər dindirilib. Zərərçəkən Fəxrəddin Güləhmədov, Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov A.Abdullayevi tanımadıqlarını, maddi tələblərinin olmadığını, mənzillər verilsə də, binanın hələ də təhvil verilmədiyini məhkəmənin nəzərinə çatdırıblar.
Sonra şahid qismində Şəfaət Həsənov dindirilib. Şahid ibtidai istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu, həmin ifadənin əsassız sayılması ilə bağlı məhkəməyə müraciət etdiyini deyib: “Mənim demədiyim şeyləri yazıblar. Düzgün ifadəni indi verirəm. 2008-ci ildə Rusiyadan gəldim Azərbaycana. AMAY şirkətinə işə düzəldim, o vaxt Abdulla müəllimi tanımırdım. Şirkətdə briqadir işləyirdim. Adıçəkilən şirkətdə işləyən Qəzənfər adlı dostum mənim adıma firma yaradılaraq bankdan kredit götürülməsini təklif etdi. Mən də razılaşdım. “Leqal biznes” firması təsis olundu. “Texnikabank”dan 2 milyon yarım kredit götürüldü və AMAY-ın tikintisinə sərf olundu. Bir il sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıldım. Müstəntiq Azad Fətullayev məni qəbul etdi, ifadəmi aldılar. Mənə dedi, yaz, pulu alıb vermişik Abdullaya. Mən də dedim ki, mən qol çəkmişəm, amma pulu götürməmişəm, qalıb bankda”.
Digər şahid AMAY-da çayçı işləyən İlham Məhərrəmov məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən Elşən Novruzovun təklifi ilə adına firma təsis etdiklərini, “Texnikabank”dan kreditərək AMAY-ın tikintisinə sərf olunduğunu və borcun ödənildiyini göstərib. Şahid Nizami İmanıyev isə istintaqda ondan AMAY Ticarət Mərkəzində olan əmlakları ilə bağlı ifadə aldıqlarını deyib. O, ifadəsində həmin əmlakların “Texnikabank” dan götürülən kreditlərə girov təminatı olaraq təqdim olunduğunu məhkəmənin nəzərinə çatdırıb.
Qaradağdakı sement zavodunda direktor müavini işləyən Natiq Məmmədov A.Abdullayevlə qohum olduqlarını deyib və oxşar ifadə verib. O, “Nəcəf Şərif” firmasını təsis etdiklərini, “Texnikabank”dan kredit götürərək “Birlikbank”a verdiklərini deyib. Şahid Tahir Rzayev məhkəməyə eyni məzmunlu ifadə verib. O, “Gülüstan” firmasının təsisçisi olduğunu, 800 min manat kredit götürüldüyünü və borcun ödənildiyini deyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub.
İttihama görə, onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.