Ötən il və cari ilin 3 ayında Daxili İşlər Nazirliyinin «102» xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər, həmçinin «Təhlükəsiz şəhər» xidmətinin texniki imkanları ilə 573 cinayət «isti izlərlə», 367 cinayət avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə açılıb, axtarışda olan 127, oğurlanmış qeydiyyat nişanı ilə idarə edilən 45 avtomobil saxlanılıb.
Lent.az-ın məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin “Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması»nın və «IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası zamanı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov deyib.
Polkovnik həmçinin qeyd edib ki, mülkiyyət əleyhinə olan hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilib.
A. Daşdəmirov bildirib ki, bu növ cinayətlərin profilaktikasında böyük əhəmiyyət kəsb edən mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində təbliğatın gücləndirilməsi üzrə görülmüş tədbirlərlə 2016-cı ildə 1152 obyekt və 1326 mənzil, cari ilin 3 ayında isə 296 obyekt və 230 mənzil mühafizəyə qəbul olunub, habelə həmin müddətdə obyektlərdən oğurluğa cəhd edən 122 nəfər yaxalanıb: "Davamlı surətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq 2016-cı ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz yaxşılaşaraq 74,3 faiz təşkil edib. Bu müsbət təmayül cari ilin birinci rübündə də davam edib və sözügedən cinayətlərin açılması 2,8 faiz yaxşılaşıb. Göstərilən müddətdə 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 2122 təqsirləndirilən şəxs tutulub".