“Sovetski” sakinləri 1500 manata razılaşdılar
07 aprel 2014 17:20 (UTC +04:00)

“Sovetski” sakinləri 1500 manata razılaşdılar

Evləri plana düşənlər köçürmə komissiyasından pullarını alırlar; “Sovetski”dəki obyekt sahibləri isə kompensasiyanın azlığından şikayət edirlər

 

“Əvvəl camaat bir az müqavimət göstərdi. Sonra bir-bir etiraz edən sakinləri çağırıb, bir-iki manat əlavə pul verib, susdurdular. İş o yerə çatdı ki, keçirəcəyimiz aksiyaların qarşısını elə yerli sakinlər özləri aldılar. İndi çoxları 1500 manatla razılaşıb, çəkilib durublar bir kənarda...” 

 

Lent.az-ın məlumatına görə, bu sözləri musavat.com-un əməkdaşına Bakının qədim yaşayış məntəqələrindən biri olan “Sovetski”də yaşayan Əhliman Paşayev söyləyib. 

 

Əhliman kişi deyir ki, 35 kvadratmetrlik evinin hər kvadratmetrinə təyin olunan 1500 manatla heç cürə razılaşmır: “Neçə aydır ki, ev axtarırıq. Qiyməti 45 mindən aşağı ev yoxdur. O da şəhərdən çox kənarda birotaqlı evlərdir. İndi mən ailəmlə yaşayıram. Əgər hökumətin belə bir layihəsi varsa, mütləq vətəndaşı razı salmalıdır. Axı, elə bu hökumətdəkilərin yazdığı qanun da bunu tələb edir. Camaatı narazı salıb, bu dövlətin üstünə qaldırmağa nə var ki... Vallah bu, bircə dəqiqəlik işdir”.

 

“Sovetski” sakinin sözlərinə görə, Sovet dövründə də bu yaşayış yerini sökülməsi tez-tez gündəmə gəlirdi: “O vaxt hökumət elan vermişdi ki, evlər söküləcəyi təqdirdə, yeni tikilən binalarda sakinlərə indiki evlərinin kvadratmetrinin iki qatında mənzil veriləcək. O vaxt biz buna razı olmamışdıq. Elə ona görə də, hökumətin projesi həyata keçirilmədi. Daha sonra müstəqillik dövrünün ilk illərində də “Sovetski”nin sökülməsi yenidən gündəmə gəldi. Amma o vaxt Qarabağ müharibəsi başladığından köçürülmə arxa planda qaldı”.

 

“Abid Şərifova dedik ki...”

Yasamal rayon İcra Hakimiyyətində yaradılan köçürmə komissiyasından çıxan “Sovetski” sakinlərindən öyrəndik ki, Novruz bayramından sonra komissiyada keçirilən görüş zamanı evləri plana düşənlər verilən kompensasiya ilə razılaşıblar. 

 

Balababa Məcidov küçəsində mağaza sahibi olan Turan Məmmədov bildirdi ki, obyektlərinin hər kvadratmetrinə 800 manat verəcəklərini deyiblər: “Təbii ki, bu, bizi qane edə bilməz. Mənim 20 kvadratmetr yerim var. Mən o pula heç nə edə bilmərəm. Biz Abid Şərifovun qəbulunda olan zaman da dedik ki, heç olmasa, bizə Bakının ticarət mərkəzilərində yer versinlər. Amma deyəsən, təklifimiz xoşuna gəlmədi”.

 

Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Fevralın 3-də Yasamal rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov bildirdi ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə, yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.

 

A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib: “Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min manatlıq təklifləri əsassızdır”.

 

Qeyd edək ki, hazırda ərazinin baş planı hazırlanır. Baş planın hazırlanması isə təxminən bir ay çəkəcək. Sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq, köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat məbləğndə kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002
avatar

Oxşar yazılar