Martın 7-də Siyəzən rayon icra hakimiyyətinin qarşısında bir qrup adam sosial tələblərlə etiraz aksiyası keçirib.
Azadlıq Radiosunun məlumatına görə, onlar “Siyəzən Broyler” Quşçuluq Fabrikinin işçiləri olub. Aksiya iştirakçılarının dediyinə görə, əsas tələbləri maaşlarının artırılması və vaxtında verilməsi ilə bağlıdır.
Aksiya iştirakçıları cəmi 120 manat maaş aldıqlarını, hələ yanvar ayının maaşını almadıqlarını deyiblər: “İcra hakimiyyətinin qarşısındayıq, bizi bir-bir polis maşınlarına mindirib iş yerimizə aparırlar, amma yenidən hamı icra hakimiyyətinin qarşısına qayıdır. Bir az əvvəl icra başçısı camaatın qarşısına çıxdı. And içib dedi ki, bütün problemlər həll olunacaq. Bizə belə vədlər o qədər verilib ki, heç birinə artıq inanmırıq”.
Siyəzən rayon icra hakimiyyətində vətəndaşlarla iş şöbəsinin müdiri Fəyyaz Musaquliyev bildirib ki, icra başçısı aksiya iştirakçıları ilə görüşüb. Yaxın vaxtlarda problemlərin həll olunacağını deyib.
Radionun müxbiri deyib ki, icra başçısı Arif Qasımov aksiyaçıların qarşısına çıxıb. Onlara deyib ki, tələbləri bir həftə ərzində yerinə yetiriləcək. Bundan sonra aksiyaçılar dağılışıb. Onların bir hissəsi quşçuluq fabrikinə, bir hissəsi evlərinə gedib.
Müəssisə rəsmisi Azad Tağıyev maaşın azlığı və gecikdirilməsi ilə bağlı iradlarla razılaşmayıb. O, belə narazılıqları bir-iki nəfərin dilə gətirdiyini deyib: “Bizdə hər ayın 10-u və ya 15-dək ötən ayın maaşı verilir. Bəzi hallarda iki-üç gün gecikmələr olur. 120 manat maaşla bağlı deyilənlər düzgün deyil. Müəssisəmizdə minimum əməkhaqqı 220-230 arasıdır. İşindən asılı olaraq hər kəs müxtəlif maaş alır – 200 manat da alan var, 400 manat da”.
Maaşların artırılması ilə bağlı tələblərə gəlincə, Azad Tağıyev bunu mümkün sayıb: “Niyə mümkün deyil, mümkündür. Qoy, indi məsələlər araşdırılsın. Rəhbərlik, yəqin ki, bir qərar qəbul edə bilər. Nə isə varsa, təbii ki, bu belə qala bilməz”.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə quşçuluq müəssisələrində maaşların qaldırılmasının indiki halda çətin məsələ olduğunu bildirib.
Cəmiyyət sədrinə görə, həmin müəssisələr çətin durumdadırlar. Onun sözlərinə görə, xarici ölkədən həddən artıq quş əti və yumurta gətirildiyindən, yerli müəssisələr öz məhsullarını sata bilmir: “Yanvar ayının maaşının verilməməsi onunla bağlıdır ki, istehsal olunan məhsullar anbarlardadır. Nə quş əti, nə də yumurta satılır, çünki xaricdən külli miqdarda quş əti gətirib doldurublar mağazalara. Bu səbəbdən yerli mal alınmır və mağazalarda yığılıb qalır. İndi Azərbaycanda quş əti və yumurta istehsalçıları həddən artıq çoxdur. Satışla bağlı böyük problemlər var. Bir də əhalinin alıcılıq qabiliyyəti aşağıdır. İndi nə ət alınır, nə də yumurta”.
“Siyəzən broiler” quşçuluq fabrikinin rəsmisi Azad Tağıyev belə düşünmür və istər istehsal, istərsə satış sahələrində ciddi problemlərin olmadığını deyir.