Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, iyunun 4-də başlayan əməliyyat bu gün bitib.
Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib.
Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.