“Elim mənə ilham verib”
22 aprel 2013 13:09 (UTC +04:00)

“Elim mənə ilham verib”

0

Bozalqanlı Aşıq Ələsgər Tağıyevin anadan olmasının 80, sənətə gəlməsinin 55 illiyi qeyd olunub

 

 

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) özünün növbəti mədəni layihəsi çərçivəsində ustad aşıq – Tovuz Aşıqlar Ansamblının başçısı Bozalqanlı Aşıq Ələsgər Tağıyevin sənətə gəlişinin 55 illiyi münasibəti ilə ədəbi-bədii gecə (yaradıcılıq gecəsi) keçirib.

 

Lent.az-ın verdiyi məlumata görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan gecədə respublikamızın tanınmış saz-söz adamları, xanəndələr, elm xadimləri, aşığın ailə üzvləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

 

Yaradıcılıq gecəsinin aparıcısı – AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradı­cılığı” şöbəsinin müdiri Elxan Məmmədli aşığın həyat və yaradıcılığı haqqında danışıb, gecə iştirakçılarını ustad aşıqdan bəhs edən sənədli filmə və fotosessiyaya baxmağa dəvət edib. 

 

Millət vəkili Qənirə Paşayeva pərəstişkarlarının işığına toplaşdıqları ustad sənətçini uzun illərdir tanıdığını, yaradıcılığına bələd olduğunu bildirib. O, aşığın ilk növbədə insani keyfiyyətlərindən – qəlbinin təmizliyindən, saz-söz sənətinə vurğunluğundan söhbət açıb. Qənirə Paşayeva  Aşıq Ələsgər Tağıyevin el havalarını yüksək səviyyədə ifa etməsindən, bu sənəti qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq yönündəki xidmətlərindən söz açıb. Qənirə Paşayeva bildirib ki, aşığın səs yazıları 18 oxu valında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Qızıl fondu”nda saxlanılır. O, 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanını bilir və yaşının ixtiyar çağında da bu sənətin sirlərini gənc nəsillərə öyrətməklə məşğuldur. Millət vəkili əlavə edib ki, Azərbaycan aşıqlarının III, IV və V qurultaylarının iştirakçısı olmuş ustad sənətçi üç şeir kitabının müəllifidir.

 

Sonra professor-doktorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, yazıçı-publisist Əkbər Qoşalı çıxış ediblər. Aşıq sənətinin ağır və çətin bir sənət olduğunu vurğulayan natiqlər bildiriblər ki, aşıq həm musiqiçi, həm bəstəçi, həm ifaçı, həm aktyor sənətini özündə birləşdirir. Çopur Ələsgərlə görüşlərindən söhbət açan natiqlər onun zəngin repertuara malik, ifaları zamanı çox məharətlə rollara girmək bacarığı ilə seçilən aşıq olduğunu diqqətə çatdırıblar.

 

Gecədə Aşıq Əli Ürfan, Aşıq Mahmud (Məmmədov), Aşıq Əlixan (Niftəliyev), Aşıq Abbas, Aşıq Məhərrəm Hüseynli, Aşıq Solmaz (Kosayeva), Aşıq Telli Borçalı, Aşıq Dəmir Gə­dəbəyli, Aşıq Qələndər (Zeynalov), Aşıq Nurəddin, saz və balaban ifaçısı Sərdar Məmmədli, solo-saz ifaçısı Azər Xanlaroğlu, gənc aşıqlar Ramin Ka­mandar, Ramil Qasımlı, Çopur Ələsgərin yolunu davam etdirən övladı Kamandar Ələsgəroğlu, nəvələri, nəticəsi və başqaları ustad aşığın yaradıcılığı əsasında tərtib maraqlı konsert proqramı ilə çıxış ediblər. Çopur Ələsgər özü gözəl ifası ilə gecə iştirakçılarına xoş anlar bəxş edib.  Sonra ustad sənətçinin və oğlu Eldar Ələsgəroğlu yaradıcılıq gecəsinin keçiril­məsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

 

Gecədə  Bozalqanlı Aşıq Ələsgər Tağıyevin ABAİ İB-in dəstəyi ilə yenicə çapdan çıxmış “Elim mənə ilham verib” adlı şeirlər kitabının təqdimatı da keçirilib. Kitabda aşığın müxtəlif illərdə yazdığı divani, təcnis, gəraylı, qoşma, müxəmməs və başqa janrda seçmə aşıq şeirləri, o cümlədən onun dillər əzbəri olan söyləmələri, deyişmələri, ona həsr olunmuş şeirlər yer alıb. “Ön söz”ünü Qənirə Paşayevanın yazdığı kitabın tərtibçiləri Eldar Ələsgəroğlu və Ramiz Hümbətov, redaktoru Əkbər Qoşalı, rəy verənləri Xalq şairi Zəlimxan Yaqub, professor-doktor Nəsir Əhmədli və professor Məhərrəm Qasımlıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1137

Oxşar yazılar