“AMAY” rəhbəri Abdulla Abdullayevin məhkəməsində zərərçəkənlər ifadə verib
14 aprel 2015 12:07 (UTC +04:00)

“AMAY” rəhbəri Abdulla Abdullayevin məhkəməsində zərərçəkənlər ifadə verib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Elçin Əliyev, Eldar Cəfərov və Akif Əhmədov ifadə verib. Elçin Əliyev Xudafərin MMC-dən mənzil aldığını, oranı təmir etdirdiyini və təqsirləndirilən şəxslərdən heç bir şikayəti olmadığını bildirib. Eldar Cəfərov da şikayəti olmadığını bildirsə də, indiyə qədər mənzilin tam təhvil verilmədiyi bildirib: "Bizim tələbimiz odur ki, mənzilimiz təhvil verilsin. 2005-ci ildə ora köçməli idim, amma 10 ildi köçə bilmirəm. Binanın komplektləşdirilməsini istəyirik. Mənzilimiz tam təmir olunmadığına görə, bir dəfə Binəqədi, bir dəfə də Nərimanov rayon məhkəməsinə şikayət etmişik. Binada kanalizasiya xətti quraşdırılmayıb, lift işləmir".

 

Abdulla Abdullayev zərərçəkənin düz danışmadığını deyib. “2 il əvvəl orada 8 blokda lift qoyulub. Həmin liftlərdə yük vurub qaldırıblar. Deyirsiniz, işıq yoxdur, bilmədiyin şeyi danışma. Oranın işığı da var, kanalizasiya xətti də. Mən Azərbaycandan 2012-ci ilin noyabr ayında getmişəm. Liftləri qoyan şəxsin də pulu tam ödənilib. Özüm gedib binaya baxmışam. Əgər məsləhətdirsə, adam ayırın gedib baxsınlar. Ümumiyyətlə “Xudafərin” işinə burda niyə baxılır, başa düşmürəm".

 

Proses aprelin 16-na kimi təxirə salınıb.

 

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

 

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub.

 

İttihama görə, onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Səlcuq Elçin

Oxşar yazılar