Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluq etməkdə ittiham edilən 4 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinir.
4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.
İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.
Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.