Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən insan sağlamlığına zərər vurmaqda təqsirli bilinən Biləsuvar rayon sakini, 1989-cu il təvəllüdlü İsmayıl Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə İsmayıl Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il iyul ayın 14-də saat 15:30 radələrində Nəsimi rayon ərazisində yerləşən “28 MALL” ticarət mərkəzində baş verib. Həmin ticarət mərkəzində mühafizəçi işləyən 25 yaşlı İsmayıl Abbasov iş yoldaşı, 31 yaşlı paytaxt sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.
Hadisənin zarafat üstündə olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb.