Ali Məhkəmədə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə verilən kassasiya şikayətlərinə baxılıb.
APA-nın məlumatına görə, hakim Hafiz Nəsibovun sədrlik etdiyi iclasda tərəflər çıxış edib.
Zərərçəkmiş şəxin hüquqi varisi və mülki iddiaçı İmdad Əlizadənin vəkili Abil Bayramov bildirib ki, bu iş üzrə verilən mülki iddia ilə bağlı qərardan daha əvvəl verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytarmışdı: "Ali Məhkəmənin qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi işə baxıb və yeni qərar çıxarıb. Apellyasiya instansiyasında işə baxılarkən Ali Məhkəmənin göstərdiyi iradlar aradan qaldırılıb və təqsirləndirilən Seymur Qarayevdən, ümumilikdə, 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qəbul edilib".
Vəkil həmin qərardan cavabdeh S.Qarayev tərəfindən verilən şikayətin əsassız olduğunu deyərək, təmin edilməməsini istəyib.
Həmçinin zərərçəkmiş tərəf S.Qarayevə verilən cəzanın və mülki iddia məbləğinin artırılması ilə bağlı da kassasiya şikayəti verib. Vəkil A.Bayramov həmin şikayətin təmin edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Fuad Məmmədov S.Qarayevin kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi İ.Əlizadənin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş edib.
Dövlət ittihamçısı Süleyman Atakişiyev zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini, cavabdeh tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini istəyib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, tərəflərin kassasiya şikayətləri təmin edilməyib, S.Qarayevdən 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.
Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib.
İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyası işə yenidən baxaraq, Seymur Qarayevdən, ümumilikdə, 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qəbul edib.