Mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxslərin heç biri ittiham üzrə özlərini təqsirli bilməyib.
Dünyamin Xəlilov hazırki mərhələdə ifadə verməkdən imtina edib.
Təqsirləndirilənlərdən Mansur Zeynalov məhkəmədə sərbəst ifadə verib. O, bildirib ki, "Azərqaztikinti" şirkətində hüquqşünas vəzifəsində çalışıb. O, ifadəsində Dünyamin Xəlilovun tapşırığı əsasında onun və digər şəxslərin adına şirkət yaratdıqlarını bildirib: “ Şirkət açılan zaman dedilər ki, narahat olmayın, bu şirkətlər proseduraya görə yaranır. Bizə bəzi sənədlərə qol çəkdirdilər. Adıma açılan şirkətin adı “Kongo Group” idi. Özüm idman sahəsində çalışırdım. Xaricə səfərlərə gedirdim. Ona görə sənədlərə qol çəkə bilmirdim. Etibarnamə aldılar ki, özümüz məsələləri həll edəcəyik”.
Mansur Zeynalov məhkəmədə çıxışında qeyd edib ki, Vergilər Nazirliyi rəhbəri oldğunu şirkətdə yoxlamalar aparıb: “Məni nazirliyə çağırdılar. Dedilər ki, şirkətdə aparılan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Dedim ki, heçnədən xəbərim yoxdur. Mən oranın formal direktoruyam. Ondan sonra işə gəlib etiraz etdim, sənədlərə qol çəkmədim. Ona görə şirkəti mənim adımdan çıxarıb başqa adamın adına keçirdilər”.
“İnter Tekstil” ASC-in İdarə Heyətinin üzvü olmuş Şakir Musayev məhkəmədə sərbəst ifadə verib. O, qeyd edib ki, Dünyamin Xəlilovu deputat olduğunu müddətdən tanıyır. Münasibətləri olub. Təqsirləndirilən şəxs Dünyamin Xəlilov həm də “İnter Tekstil” ASC-ə rəhbərlik etdiyini də deyib: “Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi Filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. Sadəcə istintaqda bildim ki, pullar "Səbail Mebel" şirkətinə köçürülüb. Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Rəhbərin alnına yazılmır ki. Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi".
Dünyamin Xəlilov təqsirləndirilən şəxsə sual verib. Sualında bildirib ki, həmin müəssisənin mənə məxsus olduğunu haradan bilirdiniz?
Şakir Musayev isə cavabında qeyd edib , tapşırıqların hamısını siz verirdiniz: “Bütün şirkətlərdə qeyri-rəsmi rəhbər siziydiniz. "General Construction"un ofisində yerləşən bütün şirkətlər Dünyamin Xəlilovun idi".
Məhkəmədə dindirilən "Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev ifadəsində bildirib ki, Dünyamin Xəlilov ona zəng edərək , dövlət əhəmiyyətli bina tikilməsinə görə, kredit götürmək üçün qol çəkmək lazım olduğunu dedi. Razılaşdım. Adıma 10 milyon dollar kredit götürüldü”
Məhkəmə martın 2-də davam edəcək.
Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiş rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb
Təqsirləndirilən şəxslər 50 milyon manat mənimsəməkdə ittiham olunurlar. İş üzrə “Beynəlxalq Bank” və “Aqrarkredit Bank” ASC zərərçəkmiş şəxs kimi tanınıb.