Bakı Apellyasiya Məhkəməsində tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 15-ə təyin edilib.
Qeyd edək ki, S.Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada baş verən bədbəxt hadisə nəticəsində ustalardan biri yıxılaraq ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və S.Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı o, Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib. S.Abbasovun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə bağlı iltizam alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov barəsində heç yerə getməməklə bağlı qərar dəyişdirilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.