Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Qasımov və Mark Süleymanov birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, onların şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, 2014-cü il dekabrın 15-də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndi ərazisində, Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarəti olan meyiti “Azsamand” markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Ekspertizanın rəyinə görə, C.Qurbanov əvvəl kənar şəxs tərəfindən kəndirlə boğulub, sonra isə onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endirilib, ölümünə kəsici və deşici xəsarətlər fonunda baş vermiş kəskin xarici qanitirmə səbəb olub. Mərhumun şəxsiyyəti araşdırılarkən məlum olub ki, C.Qurbanov Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayıb və taksi fəaliyyəti ilə məşğul olub. İstintaq-əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Süleymanov və P.Qasımov müəyyən ediliblər. Hər iki şəxs M.Süleymanovun atasının Zaqatala rayonunun Qandax kəndindəki evində yaxalanıblar. İlkin istintaq zamanı təqsirləndirilən şəxslər C.Qurbanovun pul müqabilində onları Zaqatalaya apardıqlarını bildiriblər. Yolda sürücü onları təhqir etdiyi üçün aralarında mübahisə başlayıb, buna görə onlar həmin şəxsi qətlə yetiriblər. C.Qurbanovu bıçaqlayandan sonra təqsirləndirilən şəxslər mərhumun cibindən 3 manat pul götürüblər və meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.