Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.
Proses sentyabrın 9-da davam edəcək.
Qeyd edək ki, Bakı şəhər sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.
Sonradan F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.