2 nəfərin ölünə səbəb olan qəza törətməkdə təqsirli bilinən Qərib Eyvazlı və Əli Abdullayevin məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib. Onlar hadisədə təqsirləndirilən şəxslərin günahı olmadığından barələrində bəraət hökmünün çıxarılması istəyib.
Hakimlər kollegiyasının hökmünə əsasən, Qərib Eyvazlıya 8 il cəza verilib. Əli Abdullayeva verilən ittiham öz təsdiqini tapmadığından ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.
Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.
Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib.
Daha sonra ittiham tərəfi o qənaətə gəlib ki, "VAZ-21015" markalı avtomobili məhz Qərib Eyvazlı idarə edib.
Hər iki şəxs istintaqa cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.