Bakıda "Grand Hospital”da əməliyyat edilən 20 yaşlı qızın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyi iddia edilir.
Lent.az-ın medicina.az-a istinadən məlumatına görə, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anjio olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub.
3 gündür komadan çıxmayan Ayşən Mirzəyeva bu gün dünyasını dəyişib.
A.Mirzəyevanın babası Əlimusa Mirzəyev məsələ ilə bağlı danışarkən bildirib ki, xəstəxana heyəti qızın komnaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”.
Ə. Mirzəyev nəvəsinin əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”
Həkim İlqar Hüseynov bildirib ki, hansısa tibbi hadisədə həkim səhvinin olub-olmadığını adi vətəndaş təsbit edə bilməz. Həkim A. Mirzəyevanın beyninə yad materialın getməsində öz səhvinin olduğunu isə nə təkzib edib, nə də təsdiq edib: "Həkim səhvi belə bir şeydir ki, adi vətəndaş təsbit edə bilməz və ya başqa qeyri-ixtisas sahibi bu haqda nəsə deyə bilməz. Ona görə həkim səhvi söz birləşməsi olsa da, bunu təsbit etmək onların səlahiyyətində deyil. Ailədən gizlədilmə olmayıb. Qız reanimasiyada olsa belə, ailə övladlarının yanına buraxılıb. Bunlar ciddi məsələlərdir və telefon vasitəsilə bir cümlə ilə ifadə etmək çətin məsələdir. Şablon olaraq deməyim ki, hadisənin baş verməsi mənlik deyil, indi bu haqda heç nə deyə bilmərəm. Adi diş çıxarılması zamanı da ağrıkəsicinin təsiri altında insan komaya düşə bilər".
“Grand Hospital”dan Lent.az-ın müxbirinə faktı nə təsdiq, nə də təkzib ediblər: “Bu barədə heç nə deyə bilmərik. Hazırda həkim İlqar Hüseynov iclasdadır. Klinikanın bütün həkimləri iclasdadır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a açıqlamasında bildirib ki, hazırda nazirlik tərəfindən məsələ ilə bağlı heç bir yoxlama aparılmır: “Bizim yoxlama, araşdırma aparmağımız üçün ya klinika, ya da zərərçəkmiş tərəfdən müraciət olunmalıdır. Müraciət olunandan sonra bu məsələ nazirlik tərəfindən araşdırılacaq. Hazırda hər hansı bir müraciət yoxdur”.