“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində 200-cü kilometr əsaslı təmir olunub.
Bayram əhval-ruhiyyəsi ilə müşayiət olunan tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, ilk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında başa çatıb. Dəmiryolçuların fədakarlığı sayəsində, 8 ay ərzində, növbəti 100 kilometr dəmir yolu vaxtından qabaq təmir olunub. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.