Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, birini isə yaralamaqda təqsirli bilinən Bakı şəhər sakinləri 1996-cı təvəllüdlü Hacıbağır Bağırov, onun atası Ehtiram Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı işlə tanış olmadığını bildirib. O, məhkəmədən hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Proses dekabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar.
Ə. Baxışov xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.