Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.