Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı təqsirləndirilən şəxslər tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Akif Əlibəyov və Nizami Orucovun vəkilləri çıxış edib.
Onlar bildirib ki, müdafiə etdikləri şəxslərə verilən ittiham təsdiqini tapmayıb. Vəkillər bu səbəbdən müdafiə etdikləri şəxslərə bəraət verilməsini tələb edib.
Qəzənfər Novruzovun vəkili digərlərindən fərqli olaraq müvəkkilinə şərti cəza verilməsini tələb edib. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazır olmadıqlarını deyiblər.
Proses iyunun 7-də davam edəcək.
Xatırladaq ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.